Azərbaycanda HR şirkətlərinin fəaliyyəti özünü doğruldurmu?

Azərbaycanda HR şirkətlərinin fəaliyyəti özünü doğruldurmu? Xaricdə olduğu kimi Azərbaycanda da İnsan Resursları (HR) sahəsi üzrə şirkətlər fəaliyyət göstərir. Onlar iş axtaranlar və işə götürənlər arasında koordinasiyanı təmin edirlər. Bəs belə şirkətlərə etibar etmək olarmı?
Biznes
15 Yanvar , 2024 17:35
Azərbaycanda HR şirkətlərinin fəaliyyəti özünü doğruldurmu?

Xaricdə olduğu kimi Azərbaycanda da İnsan Resursları (HR) sahəsi üzrə şirkətlər fəaliyyət göstərir. Onlar iş axtaranlar və işə götürənlər arasında koordinasiyanı təmin edirlər. Bəs belə şirkətlərə etibar etmək olarmı?

“Report” ölkədəki HR şirkətlərinin fəaliyyət istiqamətləri, perspektivləri və etibarlılığı barədə məlumat almaq üçün belə şirkətlərdən birinin rəhbəri Sevda Quliyeva ilə həmsöhbət olub.

HR şirkəti nə üçündür?

O, ilk öncə HR şirkətlərinin vətəndaşlar, özəl və dövlət sektor üçün əhəmiyyətindən danışıb:

“Bəzən özəl sektor və ya dövlət qurumları tabeliyində olan əməkdaşların onların yerinə namizəd axtarıldığını bilmələrini istəmirlər. Çünki bu, həmin işçilərin motivasiyasını aşağı sala bilər. Müəyyən spesifik vakansiyalar varki, orda şəxsi keyfiyyətlər, şəffaf seçimlər önəmli olur. Bəzən isə namizədin tapılması üçün vaxt məhdudiyyəti ola bilir. Müəssisənin isə çoxlu sayda göndərilən CV-ləri analiz etməyə vaxtı olmur. Həm dövlət, həm də özəl sektorda qısa müddətdə yaxşı namizədlərin tapılması çətindir. Azərbaycanda kifayət qədər kadr çatışmazlığı var. Eyni zamanda namizədlər özləri birbaşa başqa bir müəssisəyə müraciət etməyə ehtiyat edir. Yaxud yüksək vəzifəli şəxslər özləri vakansiyalara CV göndərmirlər. Onlar kiminsə tərəfindən digər quruma tövsiyə edilmələrini istəyirlər. Bu məsələlərdə HR şirkətləri önə çıxır və rəhbərlərə istedadlı namizədləri tövsiyə edirlər”.

Bəzən namizəd öz dəyərini bilmir

S.Quliyeva deyib ki, bu zaman HR şirkəti qurum qarşısında uyğun namizədin tapılması, namizəd qarşısında isə onu perspektivli şirkətə yönəltmək barədə öhdəlik götürür:

“Namizəd özü hansısa quruma birbaşa müraciət edəndə müraciətinin necə nəticələnəcəyini bilmir. Ciddi reputasiyası olan HR şirkəti əlaqələndirici olduqda namizəd də arxayın olur. Yaxud namizəd iş müsahibəsindən niyə keçə bilmədiyini bilmir. Bu zaman HR şirkətləri köməyə gəlir. Bəzən namizəd öz dəyərini ya bilmir ya da dəyərinin aşağı olduğunu güman edərək aşağı maaşlı vakansiyaya müraciət edir. Yaxud şirkət rəhbəri öz müəssisəsinin bazar dəyərindən məlumatsız olur. HR şirkəti bu qiymətləndirmədə dəstək ola bilir. HR şirkəti iş yükünü, yerinə yetiriləcək vəzifələri, dil tələblərini, ezamiyyət tələblərini analiz etdikdən sonra doğru istiqamət verə bilir və ortada bir dəyər yaranır. Amma hər şirkətə də belə qiymətləndirməni aparmağı həvalə etmək olmaz”.

Sevda Quliyeva
Sevda Quliyeva

12-15 min manatlıq vakansiyalar olur

S.Quliyeva bildirib ki, HR şirkətləri bəzən namizədlərə konsultasiya xidməti də göstərir, onların karyeralarının inkişaf strategiyasını planlayırlar:

“Ciddi HR şirkəti həmin namizədin karyerasını davamlı izləyir, onun bu vakansiya və ya şirkətdən digər vakansiya və ya şirkətə transfer edilməsinə, uğurlu karyerasının formalaşmasına dəstək olur. Namizəd özünü doğruldanda sahibkar da HR şirkətindən razı qalır. Özünü doğrultmayanda sahibkar həmin HR şirkətindən daha namizəd almır".

Onun sözlərinə görə, bəzən 12-15 min manat əmək təklif edilən vakansiyalar olur: "Müəssisələr bu vakansiyaları HR şirkətlərinə etibar edirlər. HR şirkətləri isə bu məlumatı ictimaiyyətə açıqlamır, yalnız uyğun namizədləri tapıb həmin müəssisəyə yönəldirlər. Onların xidmət haqqı isə işin məsuliyyəti və vəzifəyə görə dəyişir”.

Hər şirkətə etibar etmək olmaz

Müsahibimiz HR şirkəti seçərkən onun reputasiyasının ciddi olması, hansı şirkətlərlə çalışması barədə məlumatlara diqqət etməyin zəruri olduğunu qeyd edib:

“Bazarda qeyri-ciddi fəaliyyət göstərən, dələduzluqla məşğul olan şirkətlər də var. İnsanlar çalışmalıdır ki, kifayət qədər tanınmış, PR strategiyası güclü, reputasiyası yüksək şirkətlərlə əməkdaşlıq etsinlər. Bu gün HR şirkətlərinin fəaliyyətlərini genişləndirmələri üçün vətəndaşların, özəl və dövlət sektorunun etibarını qazanmaq önəmlidir. Çünki elan edilən vakansiyaların real olması sual yarada bilir. Bəzən vətəndaşlarımız HR şirkətlərinə inanmırlar. Lakin ciddi HR şirkətləri öz PR işlərinin təşkilini düzgün etsələr, müəssisələrdə və insanlarda onlara etibarsızlıq problemi olmaz”.

Son xəbərlər

Orphus sistemi