Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb

Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlayıb.
Biznes
30 Noyabr , 2023 11:18
Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun müəssisələrə təşkil etdiyi mediaturda bildirilib.

Məlumata görə, bunlardan biri vaxtilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus olan və sonradan dövlətin balansına keçən "Akkord Mərmər Qranit" MMC-nin bazasında yaradılmış "Bakı Mərmər Qranit" MMC-dir.

Müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb, inventarlaşdırma aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə onun 17 059 000 manat olmaqla nizamnamə kapitalı müəyyən olunub. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 170 590 pay əsasında formalaşıb.

"Bakı Mərmər Qranit" 6,18 ha ərazidə yerləşir, əsas istehsal sahələri mərmər və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir. Onun layihə üzrə illik istehsal gücü 300.000 kv.m təşkil edir.

Müəssisədə əsasən Türkiyədən alınmış avandanlıqlar quraşdırılıb. Eyni zamanda, müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da mövcuddur. Hazırda müəssisənin özəlləşdirməqabağı sağlamlaşdırılması və potensial investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir.

"Bakı Mərmər Qranit"in icraçı direktoru Müşviq İbadovun sözlərinə görə, müəssisənin özəlləşdirilməsi üçün investor tapılıb. Amma o, investorun adını açıqlamayıb.

Bundan başqa, Dövlət Xidməti uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksinin özəlləşdirilməsi istiqamətində işlərə başlayıb. Bu müəssisənin ərazisi isə 11 hektardır. Kompleksdə quraşdırılmış avadanlıqlar İtaliya və Almaniya istehsalıdır. Uşaq bezi avadanlığının istehsal gücü 1 dəqiqədə 500-dək bez, tualet kağızı istehsalı avadanlığının istehsal gücü ay ərzində 15 milyon rulon, mətbəx kağızı avadanlığının istehsal gücü 10 milyon rulon təşkil edir. Salfet avadanlığı isə ay ərzində 32-35 milyon vərəq salfet istehsal etmək gücünə malikdir.

Hər 2 müəssisənin yenidən qurulması və inkişafı üçün investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi