Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 %-ə yaxın artıb

Biznes
  • 11 sentyabr, 2026
  • 17:50
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 237 min 785 mülkiyyət hüququnun dövlət qeydiyyatını aparıb.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,65 % çoxdur.

Qeydiyyata alınan mülkiyyət hüququnun 45 min 194-ü (19 %) ilkin, 192 min 591-i (81 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə, 1 il əvvələ nisbətən müvafiq olaraq 4,2 % və 1 % çoxdur.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 51 504, mənzil – 60 613, torpaq sahəsi – 116 495, qeyri-yaşayış binası – 2 174, qeyri-yaşayış sahəsi – 6 505, əmlak kompleksi – 427 və çoxmərtəbəli yaşayış binaları üzərində – 67 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 69 688-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.

8 ayda daşınmaz əmlak obyektləri üzrə texniki pasportların sayı isə 0,8 % artaraq 167 352, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 10,6 % artaraq 43 021 olub.