Azərbaycanda avtomobil almaq istəyənlərin çoxu onun qiymətinə üstünlük verir - SORĞU
- 12 noyabr, 2021
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Media Təhlil Mərkəzi (MTM) əhalinin avtomobil alarkən nəyə üstünlük verməsi ilə bağlı sorğu keçirib.
"Report" mərkəzə istinadən xəbər verir ki, 500 nəfər respondent arasında keçirilən sorğuda iştirak edənlərin 63 %-ni kişilər, 37 %-ni isə qadınlar təşkil edib.
Sorğunun nəticələrinə görə, respondentlərin 48 %-i qiymətinə, 41 %-i yanacaq sərfiyyatına, 35 %-i istehsal ilinə, 25 %-i xarici görünüşünə, 25 %-i komfortlu olmasına, 23 %-i texniki təchizatına, 21 %-i təhlükəsizlik baxımından etibarlılığına, 21 %-i mühərrikin gücünə, 15 %-i hansı ölkədə istehsal olunmasına, 15 %-i marka və ya modelin prestijli olmasına, 13 %-i usta məsləhətinə, 3 %-i sərnişin oturacaqlarının sayına üstünlük verdiklərini bildirib, 33 %-i isə avtomobilinin olmadığını qeyd edib.
Sorğu iştirakçılarının 30 %-i avtomobilini avtomobil satışı üzrə vasitəçilərin köməyi ilə əldə etdiyini, 10 %-i həmin markanın ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 7 %-i isə xaricdən özü gətirdiyini bildirib.
Cavablar göstərir ki, respondentlərin 26 %-i avtomobilini tam öz vəsaiti ilə alıb, 17 %-i kredit götürüb, 3 %-i isə lizinq yolu ilə əldə edib. Sorğuda iştirak edənlərin 25 %-i avtomobili 150-200 min km yürüş məsafəsindən sonra yeniləməyin lazım olduğunu düşünür. Digər 25 %-i 250 min km-dən çox yürüş məsafəsindən sonra, 17,8 %-i 100-150 min km yürüş məsafəsindən sonra, digər 17,8 %-i 200-250 min km yürüş məsafəsindən sonra, 14,4 %-i isə 100 min km yürüş məsafəsindən sonra avtomobili yeniləməyin lazım olduğunu hesab edir.