"Bu gün Azərbaycanda iqtisadiyyatın bir sıra sahələri kimi zərgərlik sahəsi də çətinliklərlə üzləşib".
"Report" xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.
"Zərgərlik bazarının 75%-i toy-nişan mərasimləri hesabına formalaşır. Hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həmin mərasimlərin keçirilməsinə məhdudiyyətlər var və bu, bazara böyük təsir göstərir. Bundan əlavə, zərgərlik sənayesinin satıcılarının 90%-dən çoxu ticarət mərkəzlərində - "Moll" larda fəaliyyət göstərir. Sözsüz ki, ticarət mərkəzlərinin bağlanması zərgərlik fəaliyyətində böyük məhdudiyyətlərə səbəb olur. Həmçinin ölkəyə turistlərin gəlməsinə tətbiq edilmiş məhdudiyyətlər zərgərlik məmulatlarının satışında müəyyən bir payın itirilməsi deməkdir", - o deyib.
Assosiasiya sədri yerli sənayenin daxili bazardakı payı barədə danışıb: "Daxili bazarda qeyri-şəffaflıq mövcuddur, amma yerli sənaye bazarda 50-60% arası paya malikdir".