Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 34 % azaldıb
- 16 noyabr, 2023
- 08:59
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 715 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 372 mənzil və ya 34,2 % azdır.
Təkcə oktyabr ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə 73 mənzil alıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 26 mənzil və ya 26,3 % azdır.
Bu ilin 10 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 30 834, ötən ay isə 2 552 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 44,6 % və 2,1 dəfə azdır.
Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara yanvar-oktyabr aylarında 9 396, ötən ay isə 713 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 235, bu ilin 10 ayında isə 3 833 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə oktyabrda 134, 2023-cü ilin 10 ayında isə 1 733 mənzilə sahib olub.