Azərbaycan və ÜGT Orta Dəhliz boyunca gömrük əməkdaşlığını gücləndirmək üçün fond yaradır

Azərbaycan və ÜGT Orta Dəhliz boyunca gömrük əməkdaşlığını gücləndirmək üçün fond yaradır Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) “CCF Azerbaijan” Gömrük Əməkdaşlıq Fondunun yaradılması barədə razılığa gəlib.
Biznes
8 İyul , 2024 17:09
Azərbaycan və ÜGT Orta Dəhliz boyunca gömrük əməkdaşlığını gücləndirmək üçün fond yaradır

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) “CCF Azerbaijan” Gömrük Əməkdaşlıq Fondunun yaradılması barədə razılığa gəlib.

"Report" bu barədə ÜGT-nin bu gün yaydığı məlumata istinadən xəbər verir.

“İyunun 27-dən 29-dək Ümumdünya Gömrük Təşkilatı Şurasının 143/144 sessiyası çərçivəsində ÜGT-nin Baş katibi Yan Sonders və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “CCF Azerbaijan”ın yaradılması üzrə qrant saziş imzalayıblar. Belə bir fondun yaradılmasında məqsəd gömrük əməkdaşlığının gücləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə potensialın artırılmasıdır”, - məlumatda qeyd edilib.

Bildirilib ki, son illərdə ÜGT region ölkələrindən Orta Dəhliz boyunca gömrük əlaqələrinin yaxşılaşdırılmasına dəstək göstərmək üçün çoxsaylı müraciətlər alıb.

“Bu müraciətlər dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini, səmərəli və təhlükəsiz ticarət axınlarını asanlaşdırmaq üçün etibarlı gömrük prosedurlarına ehtiyac olduğunu nümayiş etdirir. “CCF Azerbaijan” fondunun yaradılması bu tələblərə və ticarətin qloballaşması ilə əlaqədar gömrük idarələrinin üzləşdiyi problemlərə cavab verəcək”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, “CCF Azərbaycan” bir sıra fəaliyyətləri, o cümlədən gömrük işçilərinin təlimini və benefisiar gömrük administrasiyaları üçün praktikumların, seminarların və görüşlərin təşkilini dəstəkləyəcək: “Bu fəaliyyətlər ticarətin asanlaşdırılmasını təşviq etmək, uyğunluğun və hüquq-mühafizə, gömrük xidmətlərinin müasirləşdirilməsinin təkmilləşdirilməsi və gömrük işçilərinin səriştə və bacarıqlarının artırılması məqsədi daşıyır”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 % və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi