Azərbaycan və Özbəkistanın turizm şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 28-dən oktyabrın 6-na qədər Azərbaycanın 30-a yaxın kiçik və orta sahibkarı Özbəkistanda işgüzar səfərdə olub. KOBİA-nın dəstəyi və "Marsol" MMC-nin təşkilatçılığı ilə baş tutmuş səfərdə inşaat, turizm, logistika, qida, tekstil, İKT, reklam, mühasibatlıq, istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Səfərin məqsədi Azərbaycanın şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, Özbəkistan şirkətləri ilə biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması olub. Səfər çərçivəsində sahibkarlarımız Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda abidəsinin önünə əklil qoyublar. İş adamları Daşkənddə Özbəkistanın Ticarət və Sənaye Palatası, Sahibkarlığın İnkişafı Agentliyi, Özbəkistandakı Azərbaycan Səfirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Özbəkistandakı nümayəndliyində bir sıra görüşlər keçirib, “Aquatherm Tashkent”, “UzETechExpo 2022” və “OzuPACK – OZBEKinPRINT 2022” sərgilərində iştirak ediblər. Səmərqənd şəhərində sahibkarlarımız müxtəlif istehsal müəssisələrində olublar. Azərbaycan iş adamlarının Özbəkistana səfəri çərçivəsində Buxara şəhərində hər iki ölkənin sahibkarlarının iştirakı ilə əməkdaşlığa dair forum keçirilib.