Azərbaycan və İtaliya "yaşıl enerji" sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İtaliya "yaşıl enerji" sahəsində əməkdaşlıq edəcək İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşüb.
Biznes
8 İyun , 2022 18:31
Azərbaycan və İtaliya yaşıl enerji sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşüb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, zəngin bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu prioritetin reallaşdırılmasında “Technip Energies” şirkəti ilə enerji keçidi, “yaşıl” texnologiya, sənayenin rəqəmsallaşdırılması, tullantıların idarə edilməsi və monetizasiyası, dəniz külək enerjisi və digər layihələrin icrası beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusilə əhəmiyyətlidir.

Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” İstehsalat Birliyinin xammal bazasının genişləndirilməsi və “yaşıl sertifikat”ın əldə edilməsi planlaşdırılır. Məhsulun bir hissəsi yüksək istilik dəyərinə görə həmçinin, turbinlərdə enerji istehsalı üçün də istifadə oluna bilər. Sumqayıt şəhərində inşa edilməsi planlaşdırılan zavodun istehsal gücü ildə 30.000 ton olefin (qaz qarışığı), 10.000 ton yanacaq qazı təşkil edəcək.

Layihənin həyata keçirilməsi ölkədə karbon tullantılarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, şəhər tullantılarının emalında xərclərin aşağı salınmasına, “yaşıl” texnologiyaların tətbiqi ilə dairəvi iqtisadiyyatın dəstəklənməsinə, tullantıların innovativ və davamlı emalına töhfə verəcək.

Qeyd edək ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan İtaliyanın “Technip Energies S.p.A” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi