Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun rəis müavini Samirə Musayeva Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) baş icraçı direktorunun müavini xanım Ancela MakDonald ilə videokonfrans formatında görüş keçirib. Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb və qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub.
Görüş zamanı vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində strateji hədəflər və dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən islahatlar müzakirə edilib, vergi mühitinin təkmilləşdirilməsi ilə bağlı layihələr üzrə əməkdaşlıq və birgə fəaliyyətin təşkili mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetlər və Təşkilat çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə də toxunulub.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi, təcrübə proqramlarının təşkili, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatı barədə müzakirələr aparılıb. Birgə fəaliyyətin qlobal vergi mühitində şəffaflığın artırılması, səmərəli işbirliyinin təşkili və vergidən yayınma hallarının azaldılması üçün faydaları diqqətə çatdırılıb.