Azərbaycan Türkiyəyə və Gürcüstana ixrac missiyaları və "road show" təşkil edəcək

Biznes
  • 16 dekabr, 2021
  • 14:20
Azərbaycan Türkiyəyə və Gürcüstana ixrac missiyaları və road show təşkil edəcək

“Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyi yaxın zamanlarda tam gücü ilə fəaliyyətə başlayacaq. Bunu nəzərə alaraq biz Türkiyədə ixrac missiyalarını, "road show"ları, bir neçə Türkiyənin şəhərlərində investisiya layihələrinin təqdimatını həyata keçirmək istəyirik”.

Bunu “Report”a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayevin sözlərinə görə, bu kimi planlar 2021-ci il üçün həm Türkiyədə, həmdə Gürcüstanda nəzərdə tutulurdu: “Lakin bəlli şərtlərə görə biz bunu edə bilmədik düşünürük ki, növbəti ildə biz bunu reallaşdıracayıq”.

O xatırladıb ki, dekabrın 14-də Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib: “Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Ticarət Nazirliyinin dəstəyi, AZPROMO, Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçirilib. DEİK, Gürcüstanın Ticarət və Sənaye Palatasına və AZPROMO tərəfindən konkret olaraq tədbirlər planının hazırlanması və üç ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində təkliflərin və tədbirlər planının olması, ildə bir dəfədən çox nazirlər səviyyəsində məruzə etməyimizi təklif edilir. Bu təklifin özü institusional bir təklif olacaq, forumun nəticəsi olaraq biz bunu ciddi qiymətləndirə bilərik”.

Y.Abdullayev əlavə edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə platforması çox önəmlidir: "Əlbəttə ki, bütün görüşlərdə bizim üçün ən əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə xarici investorların gəlməsidir. Gürcüstan,  Türkiyə bizim üçün dost-qardaş ölkələrdir. Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu kimi platformadan istifadə edərək daha çox xarici ölkələri azad edilmiş ərazilərdə və ümumiyyətlə bütün Azərbaycana dəvət edək".

Onun sözlərinə görə, Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı minə yaxın müraciətlər daxil olub, onların 30 %-ə yaxını xarici şirkətlər tərəfindən təqdim olunub.