Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb
- 02 noyabr, 2024
- 11:37
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 846,311 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 1,8 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,6 % artaraq 186 milyard 583,662 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (15,116 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 2,3 % az), ABŞ (11,121 milyard ABŞ dolları; 9,8 % çox), İngiltərə (10,613 milyard ABŞ dolları; 12,7 % çox) və İtalya (9,704 milyard ABŞ dolları; 6,6 % çox) həyata keçirib.
Təkcə oktyabrda Türkiyədən Azərbaycana 207,103 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 6,6 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1 %-i qədər olub.