Azərbaycan və Türkiyə arasında regionlararası forumun keçirilməsi müzakirə edilib.
"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti AZPROMO-da görüş keçirib. Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev və DEİK-in Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Kamal Koloğlu ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, bu istiqamətində görülən işlər, birgə tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələləri müzakirə ediblər.
Belə ki, tərəflər arasında bu ilin dekabr ayında Bakıda Azərbaycan-Türkiyə İnvestisiya və Maliyyə Forumunun, 2024-cü ildə AZPROMO tərəfindən Türkiyəyə ixrac missiyasının, həmçinin “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili, eləcə də gələcəkdə Azərbaycan-Türkiyə regionlararası forumunun keçirilməsi imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.