Azərbaycan Tailanddan hibrid avtomobil tədarük etməyə başlayıb

Biznes
  • 13 iyun, 2024
  • 06:03
Azərbaycan Tailanddan hibrid avtomobil tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 118 milyon ABŞ dolları dəyərində 3 min 615 ədəd hibrid avtomobili (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 26,55 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 946 ədəd (+2,7 dəfə), Amerika Birləşmiş Ştatlarından 21,85 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 498 ədəd (+67 %), Almaniyadan 16,75 milyon ABŞ dolları dəyərində (-19 %) 274 ədəd (-14 %), Yaponiyadan 16,7 milyon ABŞ dolları dəyərində (-3 %) 1 min ədəd (-40 %), Cənubi Afrikadan 12,4 milyon ABŞ dolları dəyərində 215 ədəd (bir il əvvəl tədarük olmayıb) hibrid avtomobili alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan (20 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 14 min ədəd hibrid avtomobilin 48,3 %-i Yaponiyanın payına düşüb.