Azərbaycan Səudiyyə Ərəbistanında Ticarət Evi açmaq istəyir

Azərbaycan Səudiyyə Ərəbistanında Ticarət Evi açmaq istəyir Səudiyyə Ərəbistanın Ər-Riyad və yaxud Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəmdə olan məsələlərdən biridir.
Biznes
1 Oktyabr , 2024 15:33
Azərbaycan Səudiyyə Ərəbistanında Ticarət Evi açmaq istəyir
Elnur Əliyev

Səudiyyə Ərəbistanın Ər-Riyad və yaxud Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəmdə olan məsələlərdən biridir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının Bakıda keçirilən 5-ci iclasında bildirib.

"Bu istiqamətdə aidiyyəti qurumlar işləri davam etdirir. Son illər ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir", - deyə o qeyd edib.

Bundan başqa, E.Əliyev deyib ki, İqtisadiyyat Nazirliyi Azərbaycanla Səudiyyə Ərəbistan arasında münasibətlərin inkişafına hər cür dəstək verməyə hazırdır. O, xatırladıb ki, sentyabrın 26-da Bakıda Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumu keçirilib: "Forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir. İnanırıq ki, bu forum sahibkarlar arasında əməkdaşlığa stimul verib".

Nazir müavini Azərbaycandakı sənaye zonaları barədə danışıb: "Sənayə zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb, rezidentlər üçün simulaşdırıcı yeniliiklər tətbiq olunur".

Qeyd edək ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb, təqdimatlar və iş adamları arasında B2B görüşlər keçirilib.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi