Azərbaycan şəkər ixracından qazancını 29 %-dən çox artırıb

Biznes
  • 24 may, 2025
  • 15:59
Azərbaycan şəkər ixracından qazancını 29 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 73,411 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 9,928 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 29,4 % çoxdur.

4 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,9 %-ni, ixrac isə ümumi ixracın 0,11 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.