Azərbaycan şəkər idxalına çəkdiyi xərci 17 % artırıb
- 17 oktyabr, 2023
- 07:55
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 199,8 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 17,8 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 12,9 % azdır.
9 ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,6 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,8 % azdır.
9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 10,3 % azalıb, idxal isə 22,5 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 875 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 27,8% azdır.