Azərbaycan sahibkarlarına Mərakeş vasitəsilə Afrika bazarlarına çıxışı təklif edilir
- 07 fevral, 2023
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sahibkarları Mərakeş vasitəsilə Afrika ölkələrinin bazarlarına çıxa bilər.
"Report" xəbər verir ki, bu barədə Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) keçirilən görüşdə deyib.
Səfir ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin mövcudluğunu vurğulayaraq bildirib ki, potensialı yüksək qiymətləndirilən iqtisadi əlaqələrin də inkişaf etdirilməsi önəmli məsələdir. Qeyd olunub ki, Mərakeş Krallığının daxili bazarı ilə yanaşı, Azərbaycan sahibkarlarının digər Afrika ölkələrinə çıxışı üçün təhlükəsiz tranzit ölkə kimi əməkdaşlıq edilə bilər.
Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə biznes və investisiya mühiti barədə danışıb, 20-22 fevral tarixlərində AZPROMO-nun nümayəndələrinin Mərakeş Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər haqqında məlumat verib. Bildirilib ki, səfərin məqsədi Mərakeş Krallığında fəaliyyət göstərən sahibkar və investorlarla görüşlərin keçirməsindən, eləcə də yerli bazarın xüsusiyyətlərini və imkanlarını araşdırmaqdan ibarətdir.