Azərbaycan I yarımildə Türkiyədən 140 milyon dollarlıq aqrar məhsullar alıb
- 07 avqust, 2023
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan Türkiyədən 140 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsullar - qida və içki idxal edib.
“Report” xəbər verir ki, bu barədə qonşu ölkənin Qida və İçki Sənayesi Dərnəkləri Federasiyası (TGDF) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə və yaxud 178 milyon ABŞ dolları azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən əsasən şəkər və şəkərli məhsullar (23 milyon ABŞ dolları), toxumculuq məhsulları (12 milyon ABŞ dolları), bitki yağı məhsulları (10 milyon ABŞ dolları) və heyvan yemi məhsulları (9 milyon ABŞ dolları) alıb.
Bundan başqa, yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 27 milyon ABŞ dolları dəyərində aqrar məhsullar ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 2,6 dəfə və yaxud 43 milyon ABŞ dolları azdır.
Eyni dövrdə Türkiyə Azərbaycandan bitki yağı məhsulları (3 milyon ABŞ dolları), sərt qabıqlı meyvələr (2 milyon ABŞ dolları), heyvan yemi (2 milyon ABŞ dolları), şəkər və şəkərli məhsullar (1 milyon dollar) tədarük edib.
Hesabat dövründə Türkiyənin kənd təsərrüfatı məhsulları ixracının dəyəri illik müqayisədə 1 % artaraq 12,23 milyard ABŞ dollarına çatıb.