Azərbaycan Gürcüstana kartof ixracını 4 dəfə artırıb
- 13 avqust, 2024
- 13:49
Bu ilin yanvar-may aylarında Azərbaycan 14,5 milyon ABŞ dolları dəyərində 34 min 318 ton kartof ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 35 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 12,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 29 467 ton (-38 %), Ukraynaya 907,2 min ABŞ dolları dəyərində (-10 %) 2 871 ton (-14 %), Belarusa 588 min ABŞ dolları dəyərində (+3,5 %) 1 281 ton (-10 %), Gürcüstana 177 min ABŞ dolları dəyərində (+5 dəfə) 590,7 ton (+4 dəfə), Moldovaya 25,6 min ABŞ dolları dəyərində (-73 %) 85,45 ton (-67 %) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 9 ölkəyə ixrac edilmiş 71,2 min ton kartofun 88 %-i Rusiyanın payına düşüb.