Azərbaycan gübrə ixracını 87 %-ə yaxın artırıb
- 21 sentyabr, 2024
- 13:21
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 52,538 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 79,198 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 86,7 % çoxdur.
Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,41 %-ni, ixrac isə ümumi ixracın 0,43 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.
Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.