Azərbaycan daha 3 ölkədən kosmetika məhsullarının tədarükünə başlayıb

Biznes
  • 03 yanvar, 2024
  • 06:16
Azərbaycan daha 3 ölkədən kosmetika məhsullarının tədarükünə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 49,4 milyon ABŞ dolları dəyərində 3 min 271 ton kosmetika məhsulları (dodaqların, gözlərin makiyajı üçün, manikür və pedikür vasitələri, pudra, kompakt pudra, dəriyə qulluq vasitələri və digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 6,74 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 1 min 215 ton (+2,1 dəfə), Cənubi Koreyadan 6,73 milyon ABŞ dolları dəyərində (+63 %) 118 ton (+64 %), Fransadan 6,6 milyon ABŞ dolları dəyərində (+84 %) 112 ton (+70 %), İtaliyadan 5,6 milyon ABŞ dolları dəyərində (+69 %) 85 ton (+15 %), Türkiyədən 5,1 milyon ABŞ dolları dəyərində (+39 %) 558 ton (+42 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Syerra-Leonedən (12,31 min ABŞ dolları dəyərində 0,36 ton), Birləşmiş Tanzaniya Respublikasından (0,03 min ABŞ dolları dəyərində 0,01 ton), Pitkern adasından (Britaniyanın ərazisi) (0,74 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.