Çin şirkətləri Azərbaycanın biznes və investisiya mühitini dəyərləndirərək tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdırlar.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşdə deyib.
O, Çin şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Nazir müavini qeyd edib ki, 2022-ci ilin əvvəlindən etibarən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət landşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhəmiyyətli olacaqdır.
M.Cabbarov qeyd edib ki, Azərbaycanın Çinin “Bir Kəmər və Yol” Təşəbbüsünə qoşulmasında fəal mövqeyi dəniz ticarət limanlarının, magistral yolların və hava limanlarının tikintisi də daxil olmaqla infrastrukturun inkişafına əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olub. Orta Dəhlizin potensialından istifadə edən Azərbaycan Çin və Avropa arasında malların daşınmasını gücləndirir. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün nəqliyyat marşrutlarının optimallaşdırılmasına ehtiyac var. Bildirilib ki, ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) tərəfdaşlığı da qarşılıqlı fayda gətirir.
Buna baxmayaraq, iki ölkə arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrlə yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin birgə fəaliyyəti üçün böyük potensial və perspektivlərin mövcud olduğu qeyd olunub. Həmçinin çinli investorlar beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər.
Görüşdə həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi aparıb, Azərbaycan və Çin arasında ticarət-investisiya əlaqələrinin inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər müzakirə olunub.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Saziş"inin imzalanması da öz növbəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da müsbət töfhə verəcək.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Çinlə infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, Çinin kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Çində rəsmi səfərdədir.