Bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 5,213 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 1 milyard 291,456 milyon dollarlıq dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 4,3 % azdır.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracını Yaxın Şərq ölkələrinə (664,002 milyon ABŞ dolları; illik müqayisədə 8,1 % az) həyata keçirilib. Onu Afrika ölkələri (323,661 milyon ABŞ dolları; 19 % az) və Amerika qitəsinə (170,142 milyon ABŞ dolları; 48 % çox) izləyib.
Xatırladaq ki, bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 34,071 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.