Azərbaycan BƏƏ-dən makadamiya fındığı tədarük etməyə başlayıb
- 06 avqust, 2024
- 07:46
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 74,4 min ABŞ dolları dəyərində 8,1 ton makadamiya fındığı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 68,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çox) 7,8 ton (+2,3 dəfə), Fransadan 2,3 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Afrikadan 1,5 min ABŞ dolları dəyərində (-68 %) 0,1 ton (-52 %), Avstraliyadan 1,2 min ABŞ dolları dəyərində (-53 %) 0,1 ton (-15 %) və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,9 min ABŞ dolları dəyərində 0,04 ton məhsul alınıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.