Azərbaycan 3 ölkədən şokolad idxal etməyə başlayıb

Biznes
  • 06 fevral, 2024
  • 08:27
Azərbaycan 3 ölkədən şokolad idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 98,4 milyon ABŞ dolları dəyərində 27 min 750 ton şokolad idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,4 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 42,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,5 % azdır) 15 min 515 ton (+2,3 %), Türkiyədən 14,5 milyon ABŞ dolları dəyərində (+18 %) 2 min 922 ton (+3,3 %), Ukraynadan 9,7 milyon ABŞ dolları dəyərində (+67 %) 2 min 995 ton (+52 %), Polşadan 8,1 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 264 ton ton (+2,4 dəfə), Niderlanddan 4,92 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 952 ton (+2,2 dəfə) şokolad alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyadan (6,8 min ABŞ dolları dəyərində 1,26 ton), İordaniyadan (19,64 min ABŞ dolları dəyərində 0,65 ton) və Qırğızıstandan (5,6 min ABŞ dolları dəyərində 2,11 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.