Azərbaycanın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib

Azərbaycanın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında yaşayan uşaqlar, o cümlədən ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.
Biznes
29 Dekabr , 2024 11:53
Azərbaycanın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib

Gələcəyimiz olan uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə böyümələri, bilikli, Vətənə layiqli övlad kimi yetişmələri dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əsaslanaraq Azərbaycan həmkarlar ittifaqları da müntəzəm olaraq, o cümlədən bayramlar ərəfəsində uşaqlarla, xüsusilə şəhid və qazi övladları ilə görüşlər keçirir, bayram sevincini bölüşür.

Bu ənənə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində də davam etdirilib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında uşaqları, eləcə də ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.

Tədbirlər Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən tədbirdə AHİK sədrinin müavini Hikmət Osmanov bayramları doğma torpaqlarda qarşılamağın böyük qürur doğurduğunu vurğulayıb, məktəbliləri bayram münasibətilə təbrik edib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin məsləhətçisi Ülvi Heydərov Yeni il bayramını Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün yaradılmış şəraitdən, AHİK-in üzvü Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması üçün həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 №-li tam orta məktəbdə keçirilən görüşdə AHİK sədrinin müavini Qəzənfər Abdullayev uşaqları təbrik edib, bayram tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov ölkəmizdə uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətini vurğulayıb.

Xocalı şəhər 1 №-li tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev uşaqların yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi, əsl vətənpərvər kimi formalaşması istiqamətində dövlətimizin gördüyü işləri qeyd edib.

Tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Sonra AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.

AHİK nümayəndələri həmçinin Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarında da uşaqlarla görüşərək onları bayram hədiyyələri ilə sevindiriblər.

Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib, təbriklər səslənib. Tədbirdə balacalara AHİK-in hədiyyələri verilib.

Konfederasiyanın həyata keçirdiyi bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi