ABŞ-ın xarici ticarət dövriyyəsində kəsir avqustda 73 milyard dolları keçib
- 05 oktyabr, 2021
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında ABŞ-ın xarici ticarət dövriyyəsinin kəsiri iyul ayı ilə müqayisədə 4,2% artaraq 73,3 milyard ABŞ dollarına çatıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ay ərzində ABŞ-ın ixracının dəyəri 0,5% artaraq 213,7 milyard dollar, idxalının dəyəri isə 1,4% artaraq 287 milyard dollar olub.
Avqustda ABŞ-ın həssas münasibətlərə malik olduğu Çin və Kanada ilə ticarət kəsiri artdığı halda, Meksika ilə ticarət kəsiri azalıb. Belə ki, ay ərzində ABŞ Çində 11,2 milyard dollarlıq ixrac, bu ölkədən isə 39,2 milyard dollarlıq idxal həyata keçirib. Son nəticədə Çində ticarətdə 28,1 milyard dollarlıq kəsir yaranıb ki, bu da aylıq müqayisədə 12,4% artım deməkdir.
ABŞ-ın Kanada ticarət dövriyyəsinin kəsiri isə 37,8% artaraq 5,1 milyard dollar, Meksika ilə ticarət dövriyyəsinin kəsiri isə 22,4% azalaraq 6,6 milyard dollar olub.
ABŞ-ın digər ölkələrlə ticarət dövriyyəsində də kəsir yaranıb. Belə ki, sözügedən rəqəm Almaniya üzrə 5,8 milyard dollar, Yaponiya üzrə 5,6 milyard dollar, Tayvan üzrə 3,6 milyard dollar, Cənubi Koreya üzrə 3,1 milyard dollar, İtaliya üzrə 3,1 milyard dollar, Hindistan üzrə 3 milyard dollar, Fransa üzrə isə 1,4 milyard dollar təşkil edib.