Bakı. 28 aprel. REPORT.AZ/ BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı ratifikasiya etmiş ölkələrdəki durumu nəzərdən keçirəcək.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Beynəlxalq Konvensiyanı ratifikasiya etmiş 177 ölkə sırasında Azərbaycanın adı da olduğundan sözügedən məsələ ilə bağlı ölkəmizdəki vəziyyət də nəzərdən keçiriləcək.
Tərkibinə 18 beynəlxalq ekspertin daxil olduğu Komitənin vaxtaşırı həyata keçirdiyi proses çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüş keçiriləcək. Görüş mayın 3-4-də Cenevrədə baş tutacaq.
Görüş zamanı Azərbaycan hökuməti ilə irqi ayrı-seçkiliyin aradan qaldırılmasının leqal çərçivələri üzrə əməkdaşlıq, müxtəlif etnik qrupların, məcburi köçkünlərin və qaçqınların iqtisadi, sosial və mədəni hüquqlarının təmin edilməsi, milli azlıqlarla dialoq və s. məsələlər müzakirə olunacaq.