Azərbaycan, Rusiya və İran XİN başçıları bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan, Rusiya və İran XİN başçıları bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib İran XİN başçısı: "Bu əməkdaşlığın regiona sabitlik və təhlükəsizlik gətirəcəyinə ümid edirik"
Xarici siyasət
7 Aprel , 2016 12:03
Azərbaycan, Rusiya və İran XİN başçıları bir sıra sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündə üçtərəfli əməkdaşlıq məsələləri, bir sıra regional layihələr, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi məsələsi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

E.Məmmədyarov aprelin 20-də Azərbaycan və İran tərəflərinin Astara (Azərbaycan) - Astara (İran) sərhəd körpüsünün tikintisi ilə əlaqədar görüş keçirəcəklərini qeyd edib. Tikinti işlərinin ilin sonuna başa çatdırılacağı gözlənilir.

Azərbaycanın XİN başçısı görüşdə, həmçinin narkotrafiklə, qaçaqmalçılıqla mübarizə məsələlərinin müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, eyni zamanda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələ də müzakirə mövzusu olub.

Öz növbəsində, İran XİN başçısı Məhəmməd Cavad Zərif bildirib ki, görüş zamanı tərəflər nəqliyyat sahəsində əməkdaşlıq, xüsusi xidmət orqanlarının birgə fəaliyyəti, trafikinqə qarşı mübarizə məsələləri üzrə razılıq əldə edib.

"Bu əməkdaşlığın regiona sabitlik və təhlükəsizlik, rifah gətirəcəyinə ümid edirik. Görüş məhsuldar alındı. İndi isə liderlərin sammitini gözləyirik", - deyə M.C.Zərif bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə narkotrafikinq və mütəşəkkil cinayətkarlıq kimi təhdidlərə qarşı mübarizənin, eləcə də "Şimal-Cənub" nəqliyyat dəhlizinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. "Amma nəqliyyat dəmir yolu ilə məhdudlaşmır. Avto və dəniz nəqliyyatı da var" - deyən S.Lavrov bunu region ölkələri arasında əməkdaşlıq üçün daha bir imkan olaraq qiymətləndirib.

O, həmçinin turizm sahəsini əməkdaşlığın daha bir perspektivli sektoru kimi fərqləndirib.

Son xəbərlər

Orphus sistemi