Yuxarı

​Yaşar Məmmədov: "Avropa Oyunlarında öz idmançılarımızla uğur qazanmaq istəyirik" - MÜSAHİBƏ

Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədovun müsahibəsi

Bakı. 23 yanvar. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarına 140 gün qalmış "Report" bütün 20 növ üzrə birbaşa iştirak hüququna yiyələnmiş Azərbaycan yığma komandalarının imkanlarını dəyərləndirmək üçün müvafiq milli federasiyaların rəsmiləri ilə müsahibələrə başlayır. İlk müsahib Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədovdur...

- I Avropa Oyunlarında Azərbaycanın neçə qılıncoynadanı mübarizə aparacaq?

- Qılıncoynatmanın rapira, şpaqa və sablya növləri var. Ancaq idmançılarımız rapira növü üzrə zəif olduqlarından, bu növdə təmsil olunmayacağıq. Sablya və şpaqa növündə isə 16 idmançımız çıxış edəcək. Bu 16 nəfər həm fərdi, həm də komanda şəklində keçiriləcək yarışlarda çıxış edəcəklər. Boksda, güləşdə və bu kimi idman növlərində fərdi yarışlar olur. Ancaq bizdə komanda yarışları da var. Qadınlarda sablya növü üzrə komandamız güclüdür. Səbinə Mikina 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Bundan başqa, Sevil və Sevinc Bünyatova bacılarını və Fatma İbrahimovanı qeyd edə bilərəm. Qılıncoynatmanın qadınlar üzrə keçirilən yarışlarında bizi bu idmançılar təmsil edəcək. Oğlanlar bir az cavandırlar. Məsələn, Azər Tağıyev, Cavanşir Səfərov, Abdulla Həsənov, Cavanşir Ağakişiyev, Cəlil Ələsgərov... Bu 5 nəfərdən 4-ü yarışlarda iştirak edəcək. Şpaqa növündə kişilərdən Kənan Əliyev, Etibar Nəcəfov, Vəkil Nəsibov, Fərid Məmmədov, qadınlardan isə Elmira Xudaverdiyevə, Samirə Hüseynova, Məryəm Məlikova və Yuliya Nelyubova mübarizə aparacaq. Yuliya hazırda İtaliyadadır. Dedilər bir az xəstələnib, o vaxta qədər bəlkə yaxşılaşdı, işlər düzəldi.

- Azərbaycana təşkilatçı ölkə kimi bütün növlərdə təmsil olunmaq imkanı verilib. Sizcə, rapira növündə təmsil olunmamaqdansa, zəif heyətlə də olsa, çıxış etmək daha yaxşı olmazdı?

- Onsuz da bilirsən ki, sonuncu yer olacaqsan. Bu yarış təcrübə toplamaq üçün deyil. Sonuncu olmaqdansa, heç iştirak etməmək yaxşıdır. Vaxt olub ki, bizim rapira komandamız SSRİ çempionu olub. 1988-ci ildə 5 nəfər olimpiya oyunlarında iştirak edib. Bu 5 nəfərdən ikisi azərbaycanlı idmançılar olub. Biri oğlum İlqar Məmmədov idi. Medal qazananlardan biri də Boris Koretski idi. İlqar axırıncı görüşü 5:1 uddu və olimpiya çempionu oldu. O, ilk azərbaycanlı idmançı idi ki, olimpiadada ən yüksək nəticə qazanmışdı. İndi oğlum Rusiya, Koretski isə Belarus yığmasının baş məşqçisidir. Yəni, vaxtilə rapira növü üzrə güclü heyətimiz olub.

- Siz də, oğlunuz da rapira növü ilə məşğul olmusunuz və uğur qazanmısınız. Amma indi komandanın ən zəif nöqtəsi məhz rapira növüdür...

- O vaxtkı heyətin hamısı başqa ölkələrdədir. Onlar Almaniyaya, Belarusa, ABŞ-a, Rusiyaya yollandılar və Azərbaycanda heç kim qalmadı. İndi bizdə Asəf müəllim işləyir. Şpaqa və sablyada yaxşı idmançılarımız var. Rapirada da vəziyyətin düzələcəyinə inanıram. 

- Qılıncoynadanlar "Bakı-2015"dək hansı yarışlarda iştirak edəcəklər?

- Qarşıda bir çox yarışımız var. Yanvarın 28-də qadın millimiz Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya Kubokuna yollanacaq. Bu turnir fevralın 2-dək davam edəcək. Oğlanlar isə Polşanın Varşava şəhərində fevralın 19-dan 23-dək davam edəcək turnirdə iştirak edəcək. 12-18 fevral aralığında isə təlim-məşq toplanışı olacaq. Qadınlar martda Belçikanın Gent şəhərinda olacaqlar. Bunlar üçün təlim-məşq toplanışı 15-23 apreldə Ukraynada keçiriləcək. Mən baş məşqçi Fikrət Vəliyevlə danışdım. O, təlim-məşq toplanışını Polşada deyil, Rusiyanın paytaxtı Moskvada keçmək istədiklərini dedi. Oğlum İlqar Məmmədovla danışdıq, əvvəllər zalın gündəlik icarə haqqı 150 avro idisə, indi 90 dollardır. Bu baxımdan orada toplanış keçmək də sərfəlidir. Üstəlik, orada idmançı da çoxdur və daha çox görüş keçirmək olar. Moskvada şərait də yaxşıdır. Aprelin 29-dan mayın 4-dək Çinin paytaxtı Pekinda Dünya Kuboku olacaq. Bütün yarışlarda 4 idmançımız çıxış edəcək. Bir də Moskvada Qran Pri keçiriləcək. Mayın 27-dən iyunun 1-dək baş tutacaq bu yarışdan sonra İsveçrədə Avropa çempionatı olacaq. Oğlanlar qadınların sablya növü üzrə komandasına baxanda daha zəif çıxış edir.

- Sablya növü üzrə qadınlardan ibarət komanda yanvarın əvvəlində təlim-məşq toplanışı keçib. Hətta Türkiyədə sablya növü üzrə keçirilən beynəlxalq turnirdə də iştirak ediblər...

- Onlar yanvarın 4-dən 9-dək Ankarada olublar. Həm oğlanlar, həm də qızlar birgə toplanış keçiblər. Daha sonra İstanbulda yarış olub. 17 ölkənin iştirak etdiyi turnirdə Səbinə Mikina qızıl, Sevil Bünyatova isə gümüş medal qazanıb. Oğlanların yarışında isə Azər Tağıyev ikinci olub. Azərin rəqibi Argentinadan olan güclü idmançı idi. O, 8:14 uduzduğu halda, 15:14 hesabı ilə qələbə qazanıb. Finalda Azər Türkiyə təmsilçisi ilə görüşdü və məğlub oldu. 

- I Avropa Oyunlarına qatılacaq 216 idmançıdan 16-sı Azərbaycanı təmsil edəcək. İdmançılarımızdan neçə medal gözləyirsiniz?

- Ancaq qadınlardan uğurlu çıxış gözləyirəm. Kişilərdən isə şpaqa növü üzrə döyüşən Kənan Əliyevin fərdi yarışlarda nəticə qazanacağına inanıram. Amma komanda yarışlarında güclü rəqib çoxdur.

- Heyət o qədər də güclü deyil. Özünüz də hamıdan yox, yalnız bir neçə idmançıdan uğur gözlədiyinzi qeyd etdiniz. Zəif idmançıların əvəzinə daha güclü legioner qılıncoynadanlar gətirmək olmaz?

- Vaxt olub ki, mən legioner idmançılar götürmüşəm. 1999-cu ildən 2005-ci ilə qədər İlqarın həyat yoldaşı Yelena Jemayevanı sablya yığmamıza cəlb etmişdim. O, yaxşı nəticələr göstərdi. Bu müddət ərzində fərdi yarışlarda 2 dəfə dünya çempionu, bir dəfə 2-ci, bir dəfə də 3-cü yeri tutdu. Komanda yarışlaırnda isə 3 dəfə dünya 3-cüsü oldu. 2005-ci ildən sonra komandaya əvvəlki kimi baxan olmadı. İndi də öz idmançılarımızla uğur qazanmaq istəyirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi