Bakı. 9 iyun. REPORT.AZ/ Birinci Avropa Oyunlarında iştirak edəcək Türkiyənin və Böyük Britaniyanın su polosu üzrə milli komandaları iyunun 9-da Bakıda ilk məşqlərə başlayıb.
"Report" xəbər verir ki, Türkiyə komandasının baş məşqçisi Ersin Özdurak yetirmələrinin hazırlıq prosesindən bəhs edərək heyət barədə məlumat verib: “Oyunun hər mövqeyində əksikliklərimiz var. Ona görə də komandamın daha çox çalışmağa ehtiyacı var. Bizim ulduz oyunçumuz yoxdur. Daha çox komanda şəklində oynamağa çalışırıq”.
Monteneqro, Xorvatiya və Yunanıstan komandaları ilə eyni qrupda mübarizə aparacaqlarını bildirən E.Özdurak ilk mərhələni keçəcəkləri halda növbəti oyunlarda uğur qazanaraq, medalçılar sırasına düşə biləcəklərini düşünür.
Böyük Britaniya komandası ilə Bakıda ilk məşqinə çıxan Anna Eduards isə birinci Avropa Oyunlarının onun üçün böyük təcrübə olacağını vurğulayıb: “Bu, olduqca heyranedicidir. Çünki əvvəllər belə bir yarışda iştirak etməmişəm. Bütün bunlar misli görünməmiş tədbirlərdir. Heç vaxt düşünməzdim ki, belə yarışda çıxış etmək şansım olacaq”.
Xatırladaq ki, su polosu XIX əsrdə Böyük Britaniyada yaranıb və sonralar bütün dünyaya yayılıb. 1900-cu ildə Parisdə keçirilən ikinci Olimpiya Oyunlarının proqramına daxil edilən su polosu hər biri 8 dəqiqə olan 4 hissədə keçirilir.
“Bakı 2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu üzrə yarışda 16, qadınların yarışında isə 12 komanda mübarizə aparacaq.