Bakı. 25 iyun. REPORT.AZ/ "
- Oyunları bürünc medalla başa vurdunuz. Hansı hissləri keçirirsiniz?
- I Avropa Oyunlarında çıxış etdiyim üçün qürur hissi keçirirəm və özümü şanslı sayıram. İlk Oyunlarda deyərdim ki, çox az insan buna nail oldu. Buradakı döyüşlərim çox çətin idi. Əvvəldən sonadək təcrübəli boksçularla qarşılaşdım. Yaşda da məndən böyük idilər. Yarımfinalda məğlub olsam da, həvəsdən düşmürəm. Çünki bizim qarşıda önəmli yarışlarımız var. Avropa Oyunlaırnda qazandığım təcrübədən bilirəm ki, bu cür yarışlarda daha yaxşı çıxış edəcəyəm. Bu təcrübə mənim üçün çox önəmli idi. Milli komandaya yeni qoşulmuşam. Adım dünya reytinq sıralamasında yox idi, ancaq komanda yoldaşlarımdan ilk pillələrdə olanlar var. Qarşıda dünya çempionatı, Olimpiya Oyunları gəlir. Buradakı təcrübəmlə növbəti yarışlarda daha inamlı çıxış edəcək və birinci olmağa çalışacağam.
- Düşünmürsünüz ki, birdən-birə heyətə salınmağınız baş məşqçi tərəfindən həm riskli, həm də cəsarətli addım idi...
- Avropa Oyunları üçün açıqlanan heyətə düşənədək qarşımdakı bütün sınaqları keçdim. Bu yarışa çıxmağın özü də çətindir. Azərbaycan çempionatında 5 rəqibi məğlub etdim və ən texnikalı döyüşçü seçildim. Sonra İtaliya toplanışında iştirak etdim və 3 sınaq döyüşündə böyük üstünlüklə qalib gəldim. Apreldə "Böyük İpək Yolu" turnirində çempion oldum. Meksikada da sınaq görüşlərindən uğurla çıxdım. Məşqçilər də gördülər ki, mən bu yarışa hazıram. Nəticədə "Bakı 2015"də iştirakıma qərar verdilər.
- Keçirdiyiniz görüşlərdə əsas rəqib olaraq, kimi görürdünüz?
- Fransalı boksçu Samuel Kistohurri güclü döyüşçü idi. Amma o, 1/8 finalda uduzdu.
- Bəs "Bakı 2015"də iştirak üçün millidə kiminlə rəqabət aparırdınız?
- Əsas rəqabət Cavid Çələbiyevlə gedirdi. Ancaq iyunun 1-də onunla sınaq görüşündə qələbə qazandım.
- Düşünmürsünüz ki, gənc yaşda bürünc medal da uğurdur?
- Heç vaxt fikirləşməmişəm ki, gəncəm və hələlik bu, mənim üçün böyük uğurdur. Amma keçən il mənə desəydilər ki, sən böyüklər arasında birinci yeri tutacaqsan, inanmazdım. Elə oldu ki, Azərbaycan çempionu oldum və ardından Avropa Oyunlarında bürünc medal qazandım. Bu, özüm üçün də sürpriz oldu.
- Siz də qaşınızdan zədə almısınız. Məhəmmədrəsul Məcidov da eyni səbəbdən yarımfinal görüşünə çıxa bilmədi. Düşünmürsünüz ki, belə zədələr dəbilqəsiz döyüşməyə başladıqdan sonra yaranmağa başlayıb?
- Demək olar ki, bizdə bütün komanda üzvlərinin qaşı açılıb. 8 boksçumuz belə zədələr alıb. Bu, onu göstərir ki, digər komandalar Azərbaycan boksçularından qorxurlar. Bilirlər ki, yumruqla bacarmadıqlarını dirsək, baş zərbələri ilə edə bilərlər. Gözümüz, qaşımız altına yalnız kəllə dəyir. Son döyüşümdə də üzümə kəllə zərbələri dəydi. Bunlar namərdcəsinə edilən hərəkətlər idi. Qorxurdular. Bilirdilər ki, bu il çox güclü komandayıq. Ona görə belə variantları da sınadılar. Ancaq bunların da bir xeyri olmadı. Yumruqla bu zədəni yetirmək mümkün deyil. Çünki dəbilqələr götürüldükdən sonra əlcəkləri çox yumşaq ediblər. Buna ancaq kəllə ilə nail olmaq olardı və bunu da etdilər.