Баку. 16 мая. REPORT.AZ/ “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna gətirildi.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Samux rayonunun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.
Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul etdi. Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: “Birinci Avropa Oyunlarının məşəlini Samuxda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizin qəlbini fərəh hissi ilə doldurur”.
On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəldilər. Buraya toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.
Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. “Bakı-2015”-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verildi.