Rusiya yığması I Avropa Oyunlarına 360 idmançı ilə gələcək

Rusiya yığması I Avropa Oyunlarına 360 idmançı ilə gələcək Onların arasında olimpiya çempionları da var
Avropa Oyunları
10 Aprel , 2015 10:51
Rusiya yığması I Avropa Oyunlarına 360 idmançı ilə gələcək

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiya yığmasının "Bakı 2015" I Avropa Oyunları üçün yekun heyəti mayın ortalarında formalaşacaq. "Report"un Rusiya Olimpiya Komitəsinin (OKR) rəsmi saytına istinadən verdiyi məlumata görə, qonşu ölkənin ilkin siyahısına 360-dək idmançı daxil edilib.

İndiyədək onların 341-i və ya 94 faizi təsnifat mərhələsini keçə bilib. Daha 19 idmançı isə mayın ortalarınadək lisenziya qazanmalıdır. Məhz bu səbəbdən, heyət gələn ay təsdiqlənəcək. Rusiyanın ən güclü idmançıları Avropa Oyunlarının proqramındakı 20 növün, demək olar ki, hamısında yer alacaqlar. Bakıya olimpiya çempionları, o cümlədən, gimnast Aliyə Mustafina, cüdoçu Mansur İsayev, aparıcı güləşçilər, boksçular, atıcılar və taekvondoçular gələcəklər. Əvəzində beynəlxalq təqvimlə üst-üstə düşməsi səbəbindən kişi və qadınlardan ibarət voleybol yığmaları Azərbaycan paytaxtına ikinci heyət gətirəcəklər. Əsas komandalar isə müvafiq olaraq, Dünya Liqası və Qran Pridə mübarizə aparacaq. Rusiyanın qılıncoynatma üzrə milli komandası da Bakıda ikinci heyətlə təmsil olunacaq. Bu isə I Avropa Oyunlarından sonra Moskvada dünya çempionatının keçiriləcəyi ilə əlaqədardır.

Ümumilikdə Rusiya nümayəndə heyətinin tərkibi 600 nəfərdən ibarət olacaq. Bura idmançılardan əlavə, məşqçilər, tibbi personal və rəsmi şəxslər daxildir.

OKR-in prezidenti Aleksandr Jukov Rusiya yığmasının Avropa Oyunlarında birinci yer uğrunda mübarizə aparacağını bildirib: "Komandamız ən yüksək pillə uğrunda vuruşa bilər və vuruşmalıdır. Hətta çimərlik futbolunda da".

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda 20 növ üzrə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi