Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunları zamanı idmançıların rahatlığı üçün bütün şəraiti yaradıb. "Report" xəbər verir ki, bu barədə Latviya Olimpiya Komitəsinin rəhbəri Jorj Tikmers Latviyanın LTV 7 kanalına bildirib.
"Mənim həmkarlarım artıq 1 həftədir ki, ordadır. Onlar məşqçi və komanda heyətlərini qəbul etmək üçün zəruri tədbirlər görürlər. Ölkə çox böyük işlər görüb, böyük səylər göstərib. İdmançılar üçün Atletlər Kəndində gözəl şərait yaradılıb. Heç bir şübhə yoxdur ki, təşkilatçılar yarışmaların keçirilməsi üçün hər bir detalı düşünüblər. Medal komplektlərin sayı da çoxdur - 253", – Tikmers qeyd edib.
Onun sözlərinə görə, Latviya komandasının heç bir problemi yaranmayıb, idmançılar və inzibatçılar öz işləri ilə məşğul olur. Latviya komandası dünəndən Bakıya gəlməyə başlayıb.
"Oyunlarda 59 Olimpiya çempionu, 200 dünya çempionu iştirak edəcək. Biz də güclü idmançılarla təmsil olunuruq. Çimərlik voleybolu, cüdo yarışlarında güclü idmançılar iştirak edəcək. Komandanın üçdə ikisi isə gənclərdir. Lakin Latviya komandası heç zaman medalsız qayıtmır. Bu ənənə davam etməlidir", – Tikmers vurğulayıb.