Yuxarı

Azərbaycan boksçusu "Bakı 2015"də finala yüksəlib - YENİLƏNİB

Sabah keçiriləcək final görüşündə Teymur Məmmədovun rəqibi italiyalı Valentino Manfredonia olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan boksçusu Teymur Məmmədov finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, o, yarımfinalda rusiyalı Pavel Silyaqinə 2:1 hesabı ilə qalib gəlib.

Sabah keçiriləcək final görüşündə T.Məmmədovun rəqibi italiyalı Valentino Manfredonia olacaq. Qızıl medal döyüşü saat 19:00-da başlayacaq.

*** 20:05

"Bakı 2015" I Avropa Oyunlarında iştirak edən boksçu Tayfur Əliyev növbəti döyüşünü keçirib. "Report"un məlumatına görə, o, 56 kq çəki dərəcəsində rusiyalı əlcək sahibi Baxtovar Nazirovla döyüşüb.

Yarımfinal mərhələsində keçirilən döyüşdə T.Əliyev rusiyalı döyüşçü ilə bacara bilməyib - 1:2. Buna baxmayaraq, o, bürünc medalı aktivinə yazdırıb.

*** 13:55

Azərbaycanın 11 boksçusu "Bakı 2015" I Avropa Oyunlarında ən azı bürünc medalı təmin edib. "Report"un məlumatına görə, 1/4 finalçılardan son olaraq, Xaybula Musalov bu vəzifənin öhdəsindən gəlib. 

O, Vitali Bondarenkonu 3:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. X.Musalovun növbəti rəqibi Zoltan Harksa (Macarıstan) olacaq. 

*** 13:06

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib. "Report"un məlumatına görə, qadınlar arasında 60 kq çəki dərəcəsində yer alan Yana Alekseyevna 1/4 finalda rusiyalı Zinaida Dobrıninanı 3:0 hesabı ilə yenib. 

Bununla da azı bürünc medalı təmin edən Azərbaycan boksçularının sayı 10-a çatıb. Y.Alekseyevnanın yarımfinaldakı rəqibi olimpiya, dünya və Avropa çempionu, "Bakı 2015"in idman elçisi Keti Teylor olacaq. 

*** 10:25

Bu gün " Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 2 boksçusu medal uğrunda döyüşçəcək. "Report"un məlumatına görə, bunlar Xaybula Musalovla Yana Alekseyevadır.

Kişilərin mübarizəsində 75 kq çəki dərəcəsində yer alan Musalov saat 12:30-da 1/4 final qarşılaşmasında belarus Vitali Bondarenkonu sınağa çəkəcək. Qələbə təqdirində o, yarımfinalda Kamil Qardzielik (Polşa) - Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 60 kq çəkidəki Yana Alekseyeva isə saat 13:30-da 1/4 finalda rusiyalı Zinaida Dobrınina ilə görüşəcək. Döyüşün qalibi yarımfinalda İda Lundblad (İsveç) - Keti Teylor (İrlandiya) cütünün qalibinə rəqib olacaq.

Axşam seansında isə ilk finalçılar müəyyənləşəcək. Kişilərin arasında 56 kq çəkidəki Tayfur Əliyev yarımfinalda rusiyalı Baxtovar Nazirovla üz-üzə gələcək. Qalib boksçu qızıl medal uğrunda qarşılaşmada Dmitri Asanov (Belarus) - Qais Aşfaq (İngiltərə) cütünün qalibini sınağa çəkəcək. Final döyüşü iyunun 25-də olacaq.

Digər boksçu Teymur Məmmədov da bu gün yarımfinal görüşünə çıxacaq. 81 kq çəkidə yer alan azərbaycanlı idmançının rəqibi rusiyalı Pavel Silyaqin olacaq. Bu gürüşün qalibi qızıl medal uğrunda görüşdə Valentino Manfredonia (İtaliya) - Aleksandr Xijnyak (Ukrayna) cütünün qalibi ilə döyüşəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları iyunun 27-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi