Yuxarı
    Bağlamaq

    ​BMX veloparkı Avropa Oyunlarına hazırdır - REPORTAJ

    Bu arenada yarışlar 3 gün davam edəcək

    Bakı. 20 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi məkanlardan biri də BMX veloparkıdır. "Report"un məlumatına görə, artıq idman qurğusu tam hazır vəziyyətdədir.

    BMX velosipedi üzrə yarışlar iyunun 26-da start götürəcək. 3 gün davam edəcək mübarizəyə 20 ölkənin 48 idmançısı qatılacaq. İki qızıl medal uğrunda yarışacaq idmançılardan 32-si kişi, 16-sı qadındır. Medallardan bir dəsti kişilər, bir dəsti isə qadın idmançıların payına düşəcək.

    Ərazi haqda jurnalistlərə məlumat verən veloparkın baş meneceri Umar İkram bildirib ki, məkan Oyunlardan sonra vətəndaşlar tərəfindən istifadə oluna biləcək. Onun sözlərinə görə, arenanın tikintisini həyata keçirən şirkət Yay Olimpiya Oyunlarında da öz işləri ilə diqqət çəkib: "Bakıdakı BMX arenasını inşa edən şirkət bir çox olimpiadalar üçün də işlər görüb. Üstəlik, Rio-2016-da da həmin şirkət BMX yarışlarının keçirilməsi üçün arena inşa edəcək".

    25 000 kv.m ərazisi olan veloparkda ümumilikdə 350 metr uzunluğunda yarış zolağı var. Yarış iştirakçıları üçün 2 enmə zolağı quraşdırılıb. Həmin zolağın maksimum hündürlüyü 8 metrdir.

    U.İkram qeyd edib ki, Avropa Oyunları zamanı yarışlar saat 14:00 - 17:00 aralığında keçiriləcək. Baş menecer havanın isti olmasını nəzərə alaraq, açıq havada əyləşəcək tamaşaçılara sərinləşdirici içkilərin veriləcəyini də bildirib: "Dünya praktikasına əsasən, BMX yarışları açıq havada keçirilir və bu səbəbdən tribunalar üçün heç bir örtük təbəqəsi nəzərdə tutulmur".

    Qeyd edək ki, BMX veloparkı Bayraq Meydanı və Avropa Oyunları Parkının cənubunda, "Ramada" oteli və Şıxov çimərliyi ilə üzbəüz yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi