Yuxarı

​"Bakı 2015": Azərbaycanın qılıncoynadanları mübarizəni dayandırıb

Onlar 6 görüşün hamısında məğlub olublar

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında qılıncoynatma yarışı davam edir. "Report"un məlumatına görə, Azərbaycanın çıxış edən 4 təmsilçisindən hamısı mübarizəni dayandırıb.

Sablya növü üzrə yarışda Abdulla Həsənov yer aldığı D qrupunda qələbə sevinci yaşaya bilməyib. Cavanşir Səfərov və Cavanşir Ağakişiyev müvafiq olaraq E və F qruplarında keçirilən 5 görüşdən yalnız 1-də qalib gəliblər. Lakin bu onların növbəti mərhələyə keçməsinə kömək etməyib.

Sablya yarışında ən uğurlu nəticəni Azər Tağıyev göstərib. O, A qrupunu 4-cü tamamlayaraq 1/32 finala vəsiqə qazanıb. Qrup mərhələsində 5 görüşün yalnız birində sevinən A.Tağıyev daha sonra rumıniyalı Tiberiu Dolniçanuya məğlub olub 5:15.

Beləliklə, gün ərzində 8 idmançı "Bakı 2015"də mübarizəni dayandırıb.

*** 11:24

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın qadın qılıncoynadanları çıxışını başa vurub. "Report"un məlumatına görə, şpaqa növü üzrə yarışda Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Nübar Məlikova iştirak edib.

A qrupunda çıxış edən E.Xudaverdiyeva keçirdiyi 6 görüşün hamısında məğlub olub. B qrupunda yarışan Samirə Hüseynova da eyni aqibətlə üzləşib. Qadın qılıncoynadan 6 oyunda qələbəyə həsrət qalıb. Digər qadın şpaqaçı Məryəm Məlikova heç bir görüşdə qələbə qazanmadığından C qrupunun sonuncusu olub. Nübar Məlikova da yer aldığı E qrupunda 6 oyundan qələbəsiz ayrılıb.

Saat 09:21

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı qılıncoynatma yarışlarında təmsil edən Məryəm Məlikova ilk görüşünü məğlubiyyətlə başa vurub. "Report"un məlumatına görə, C qrupunda gedən mübarizədə o, ukraynalı Yana Şemyakina 3:5 hesabı ilə uduzub.

saat 09:18

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 8 qılıncoynadanı iştirak edəcək.

Qadınlar arasında şpaqa növü üzrə fərdi yarışda Elmira Xudaverdiyeva A qrupu, Samirə Hüseynova B qrupu, Məryəm Məlikova C qrupu, Nübar Məlikova isə E qrupunda mübarizə aparır.

Kişilər arasında sablya üzrə fərdi yarışda Azər Tağıyev A qrupunda, Abdulla Həsənov D qrupunda, Cavanşir Səfərov E qrupunda, Cavanşir Ağakişiyev isə F qrupunda yarışır.

Qeyd edək ki, qılıncoynatma yarışı iyunun 27-dək davam edəcək. Ümumilikdə qaliblər üçün 12 medal dəsti nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi