Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunlarının idman elçiləri açıqlanıb. "Report"un məlumatına görə, elçilər siyahısına 11 idmançı daxil edilib.
Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (bədii gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş) öz idman növlərini və Azərbaycanı təmsil etmək üçün seçiliblər. Onlar Oyunlarla bağlı marketinq kampaniyalarında və tədbirin Azərbaycanın hər yerində təbliğində iştirak edirlər.
Açılış mərasimi yaxınlaşdığından elçilər həmçinin "Bakı-2015"in geniş qeyd ediləcək möhtəşəm tədbirlərinə qatılacaqlar.
Gənclər və idman naziri və "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov bildirib ki, bu idmançılar ölkənin ən yaxşı idmançılarından bir neçəsidir və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər: "Biz onlardan "Bakı 2015"in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri Azərbaycanın bütün gənclərini həvəsləndirəcək".
Qeyd edək ki, "Bakı-2015" İdman Elçiləri Proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək məqsədilə tanınmış elçiləri də cəlb edəcək.