Yuxarı

"Bakı-2015"in daha bir idman elçisinin adı açıqlanıb

Bu, Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu Keti Teylordur

Bakı. 27 fevral. REPORT.AZ/ İrlandiyalı boksçu Keti Teylor "Bakı 2015" I Avropa Oyunlarının beynəlxalq idman elçisi elan olunub. 

"Report"un məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış xanım idmançı həm də 60 kq çəki dərəcəsində hazırkı İrlandiya və dünya çempionudur.

O, Olimpiya çempionluğundan əlavə, ardıcıl 5 dəfə dünya, ardıcıl 6 dəfə Avropa və 5 dəfə Avropa İttifaqı çempionu olub. Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.

Bakı 2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcək, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarına qatılacaqlar. İrlandiyanın qadınlardan ibarət futbol yığmasında da yer alan 28 yaşlı Teylor deyib: ""Bakı-2015" Avropa Oyunları üçün gözəl irəliləyişdir və mən həm idman elçisi, həm də idmançı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, hazırda "Bakı-2015"in idman elçiləri sırasına Keti Teylorla yanaşı, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafaeva, danimarkalı kanoeçi Rene Holten Poulsen, serbiyalı 3x3 basketbolçular Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi