Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib. "Report"un məlumatına görə, Azad Rəhimov 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları haqqında danışıb.
Onun sözlərinə görə, 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar.
"Avropa Oyunlarına hazırlaşmaq üçün 2 ildən bir az çox vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu İlk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir”.
Nazir "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyindən bəhs edib.
O, həmçinin Avropa Oyunlarının Azərbaycana qoyacağı mirasdan və "Bakı-2015" üçün tikilən yeni idman obyektlərinin uzunmüddətli əhəmiyyətindən danışıb.
“Orta yaşı 30,1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir.
Əhalinin 40%-i 24 yaş altındadır. Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukrutları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik.
Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturu əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir" - Rəhimov əlavə edib.
Səfər zamanı Azad Rəhimov, həmçinin Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasının prezidenti Sam Kutesa ilə də görüşüb.