Yuxarı

BEGOC-un mərasimlər üzrə direktoru: "Azərbaycanın idman tarixində ən möhtəşəm gecə üçün əla tədbir proqramımız var"

Açılış mərasimində genişmiqyaslı canlı tədbirlər müşayiət olunacaq

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına 3 gün qalıb. "Report"un məlumatına görə, iyunun 12-də keçiriləcək Oyunların Açılış mərasimində dünya idmanının ən təcrübəli və tanınmış peşəkarlarından biri hesab olunan, BEGOC-un mərasimlər üzrə direktoru Katerin Uqvu tərəfindən genişmiqyaslı canlı tədbirlərlə müşayiət olunacaq.

2012-ci ildə London Yay Olimpiya və Paralimpiya Oyunları üzrə mərasimlərin icraçı prodüseri olmuş K.Uqvu mərasimi təşkil edən ölkənin mədəni irsinin təbiətinə görə tədbirin unikal olmasının labüdlüyünü qeyd edib. O bildirib ki, bu baxımdan "Bakı 2015" də fərqli olacaq: "Azərbaycan gənc ölkə olsa da, öz mədəniyyətinə görə fəxr edir və bu da mərasimdə əks olunacaq. Bizim çox bacarıqlı komanda üzvlərimizlə yanaşı, Açılış mərasiminin tərtibatçısı, dəyərli bədii direktorumuz Dimitris Papaioannou və Bağlanış mərasiminin bədii direktoru Ceyms Hadli də fəaliyyət göstərir. Eyni zamanda, yüksək istedada malik Azərbaycan gənclərindən ibarət həvəsli könüllülər də dəstək göstərirlər. Olimpiya Stadionunun heyrətamiz quruluşu ilə yanaşı, bu ölkənin idman tarixində ən möhtəşəm gecə üçün əla tədbir proqramımız var".

Əslən Mançesterdən olan K.Uqvu 2002-ci ildə doğma şəhərində keçirilmiş tədbirdən etibarən beynəlxalq idman aləmində mərasimlərin müstəsna prodüserinə çevrilib. Mançester stadionunda XVII Birlik Oyunlarının Bağlanış mərasimini təşkil etdikdən sonra o, Qətərin paytaxtı Dohada 2006-cı ildə keçirilən XV Asiya Oyunlarının Açılış mərasimini də təşkil edib. Bundan əlavə, Ketrin 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının Açılış və Bağlanış mərasimlərinin strateji hissəsinin baş prodüseri olub.

Qeyd edək ki, 20 idman növü üzrə 6000-dən artıq idmançının mübarizə aparacağı I Avropa Oyunlarının Açılış mərasimi iyunun 12-də saat 20:00-da başlayacaq.

Açılış mərasiminə hazırlıq işləri ilə bağlı hazırlanmış videoçarxı təqdim edirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi