Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Prezidenti Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib

    Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

    Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.

    Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər.

    Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən Prezident İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamlayıb. Prezident qədim tarixi və gözəl mədəniyyəti olan Azərbaycanla tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. O bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkədə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.

    Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkədə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkənin dünyada daha yaxşı tanıdılmasına imkan verir.

    Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da Azərbaycanın böyük potensialından qaynaqlandığını söyləyib.

    Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir. Tomas Bax əmin olduğunu bildirib ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına stimul verəcək. Tomas Bax idmanın BMT-nin inkişaf məqsədləri sırasına daxil olunması ilə bağlı danışıqların aparıldığını deyib və idman tədbirləri baxımından gərgin qrafiki ilə seçilən gələn il ərzində hamıya uğurlar arzulayıb.

    Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən Patrik Hikki əminliyini bildirib ki, Avropa mühüm tarixi ana yaxınlaşır və bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir.

    Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.

    Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim edib.

    Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi