Prezident İlham Əliyev "Bakı-2015"də qalib gələn Teymur Məmmədova qızıl medalı təqdim edib

Prezident İlham Əliyev "Bakı-2015"də qalib gələn Teymur Məmmədova qızıl medalı təqdim edib Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb
Avropa Oyunları
25 İyun , 2015 20:27
Prezident İlham Əliyev Bakı-2015də qalib gələn Teymur Məmmədova qızıl medalı təqdim edib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarında qalib idmançılara medalları təqdim edib. 

"Report" xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan boksçu Teymur Məmmədov gərgin keçən final qarşılaşmasında italiyalı Valentino Manfredonianı məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Sonra mükafatlandırma mərasimi olub.

Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

*** 20:00

Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında 15-ci qızıl medalını qazanıb. "Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan boksçu Teymur Məmmədov gərgin keçən final qarşılaşmasında italiyalı Valentino Manfredonianı məğlub edib - 3:0. 

Görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.

*** 19:56

Boks yarışlarında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ilə italiyalı Valentino Manfredonia arasında final qarşılaşması başlayıb. "Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arenada final oyununu izləyir.

*** 14:49

Azərbaycanı " Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Kollazo Sotomayor finala yüksəlib. "Report"un məlumatına görə, 64 kq çəki dərəcəsindəki yarımfinal görüşündə 30 yaşlı idmançı ukraynalı Viktor Petrovu məğlub edib - 3:0.

Həlledici görüşdə onun rəqibi italiyalı Vinçenzo Mangiakapre olacaq.

Qeyd edək ki, daha öncə Teymur Məmmədov (81 kq) və Elvin Məmişzadə (52 kq) da finala yüksəlib.

*** 13:53

" Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı boks yarışında təmsil edən Elvin Məmişzadə finala yüksəlib. "Report"un məlumatına görə, 52 kq çəki dərəcəsindəki yarımfinal görüşündə 23 yaşlı idmançı almaniyalı Hamza Tubanı məğlub edib - 2:1.

Həlledici görüşdə onun rəqibi Vilyam Tanko (Slovakiya) - Vinçenzo Pikardi (İtaliya) cütünün qalibi olacaq.

Qeyd edək ki, daha öncə Teymur Məmmədov (81 kq) da finala yüksəlib.

*** 13:14

" Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan daha bir medal qazanıb. "Report"un məlumatına görə, qadınlar arasında 54 kq çəki dərəcəsində boks yarışında Anna Əlimərdanova bürünc medal qazanıb.

O, finala gedən yolda rusiyalı Yelena Savelyevaya uduzub - 0:3. Nəticədə finala yüksələ bilməyən A.Əlimərdanova üçüncülüklə kifayətlənməli olub.

*** 11:24

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün " Bakı 2015" I Avropa Oyunlarında boks yarışında 5 çəki dərəcəsi üzrə ilk finalçılar və eyni sayda qalib müəyyənləşəcək. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Teymur Məmmədov qızıl medal uğrunda həlledici döyüşə çıxacaq.

O, 81 kq çəkidə italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Final görüşü saat 19:45-də baş tutacaq. 

Yarımfinalda isə Azərbaycanın 3 boksçusu mübarizə aparacaq.

52 kq çəkidə Elvin Məmişzadə almaniyalı Hamza Tuba ilə rinqə çıxacaq. Döyüş saat 13:30-da başlayacaq. Kollazo Sotomayor finala gedən yolda ukraynalı Viktor Petrovun müqavimətini qırmağa çalışacaq. 64 kq çəki dərəcəsində mübarizə aparan rəqiblər saat 14:45-də qarşılaşacaqlar.

Kişilər arasında 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov isə rinqə çıxa bilməyəcək. Səbəb təcrübəli dəri əlcək ustasının zədələnməsidir. Əvvəlki çıxışı zamanı qaşı partlayan Azərbaycan təmsilçisinin yarımfinala çıxması məqsədəuyğun sayılmayıb.

Digər Azərbaycan boksçusu Anna Əlimərdanova da yarımfinal görüşünə çıxacaq. Qadınların yarışında o, 54 kq çəkidə rusiyalı Yelena Savelyeva ilə döyüşəcək. Görüş saat 12:30-da başlayacaq.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışlarına iyunun 27-də yekun vurulacaq.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi