"Çox sevinirik ki, bu Oyunların startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir".
Bunu Azərbaycanın gənclər və idman naziri
Müsahibəni təqdim edirik:
"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan artıq 26-cı medalı qazanıb. Ölkə idmançılarının çıxışlarını necə qiymətləndirirsiniz?
- Medal baxımından çox razıyam. Cüdoçularımızın Azərbaycana qızıl medallarla qayıdacağına böyük ümid bəsləyirdik. Təəssüf ki, bu, alınmadı. Düşünürəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına çox ciddi yanaşmaq, cüdoçuların hazırlığı üçün bütün imkanları səfərbər etmək lazımdır. Çünki yüksək səviyyəli və böyük potensiala malik komandamız var. Təəssüf ki, cüdoçular hər dəfə bu potensialdan istifadə edə bilmirlər.
Güləşçilərimiz həmişəki kimi, bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin potensialı böyükdür. Bundan başqa, yeni boksçularımız özlərini göstəriblər. Yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Məşqlərə ciddi yanaşmaq lazımdır. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına cəmi bir il vaxt qalıb. O ki qaldı digər idman növlərinə, sambo olimpiya növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, sambonun yaxşı inkişaf dövrü yaşaması üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdır.
Açılışda iştirak etdiniz, həmçinin bir neçə yarışı izlədiniz. Təşkilatçılıq, tamaşaçı marağı baxımından II Avropa Oyunları ümumilikdə sizdə necə təəssürat yaratdı?
- Yarışın Minskdə keçirilməsinə baxmayaraq, şəxsən mən belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Koordinasiya Komitəsinin üzvü kimi, burada 3 dəfə iclasda olmuşam, bütün proseslərdə iştirak etmişəm. Hazırlıq işlərini görürdüm. Bizim azərbaycanlı mütəxəssislər də burada çalışırlar. Bu gün idman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. II Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarış heç də aşağı düşməyib. Bu, onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir. Şadıq ki, bir neçə gün əvvəl Polşanın Krakov şəhəri III Avropa Oyunlarının paytaxtı elan edildi. Çox sevinirik ki, bunun startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir. Minsk şəhərini, Təşkilat Komitəsini, Belarus Milli və Avropa Olimpiya Komitələri ürəkdən təbrik edirəm.
Bu gün bağlanış mərasimində Azərbaycan sizdən başqa kimlərlə təmsil olunacaq?
- İdmançılarımızın çoxu Vətənə qayıdıb. Son olaraq sərbəst güləşçilərimiz də qayıtdılar. Hazırda yunan-Roma güləşçilərimiz, boksçularımız, karateçilərimiz, həmçinin velosiped və gimastikadan 2 nəfər bizimlədirlər. Onlar bağlanış mərasimində iştirak edəcəklər. Rəsmi səviyyədə isə dövlət tərəfindən bu iş mənə həvalə edilib.