Avqustun 19-da Zaqatala rayonunda "Kənd Boğçası" kənd təsərrüfatı yarmarkası keçiriləcək
Bu barədə "Report"a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisindən bildirilib.
Məlumata görə, yarmarka Azərbaycan hökumətinin maliyyələşdirdiyi FAO ilə Tərəfdaşlıq Proqramı və Avropa İttifaqının maliyyələşdirdiyi layihə çəçivəsində baş tutacaq. Yarmarkada qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi, sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.
Yarmarkanın məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etməkdir. Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına təkan verəcək. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.