Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
- 16 mart, 2026
- 10:41
Novruz bayramı ilə əlaqədar olaraq martın 13-dən 17-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki "Aqrar Tədarük və Təchizat" Xankəndi şəhərində "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil edib.
"Report"un Qarabağ bürosu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu, Xankəndidə keçirilən sayca 9-cu yarmarkadır.
Yarmarkanın əsas məqsədi bayram günlərində sakinlərin münasib qiymətlərlə təbii, yerli kənd təsərrüfatı məhsullarını əldə etməsinə yardımçı olmaq, eyni zamanda yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onlara alternativ satış imkanı yaratmaqdır.
"Aqrar Tədarük və Təchizat"ın İdarə Heyətinin üzvü Faiq Hüseynov bildirib ki, yarmarkada fermerlər tərəfindən 40 müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satışa çıxarılıb: "Ümumilikdə "Aqrar Tədarük və Təchizat" 12 məntəqədə Novruz yarmarkaları təşkil edib. İşğaldan azad olunmuş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqət mərkəzində saxlanılır".
O qeyd edib ki, Cəbrayıl rayonunun Horovlu və Zəngilan rayonunun Ağalı kəndlərində də ilk dəfə olaraq "Kənddən Şəhərə" Novruz yarmarkası keçiriləcək: "Cəbrayılda martin 16-sı, Zəngilanda isə martin 17-si bayram yarmarkası fəaliyyət göstərəcək".