Yuxarı

Xaçmazdan Bakıya mənşəyi məlum olmayan ətin gətirilməsinin qarşısı alınıb

Ümumi çəkisi 170 kq olan sümüksüz ət laboratoriya soyuducusunda müvəqqəti saxlanca qoyulub

Bakı. 14 fevral. REPORT.AZ/ Qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmazdakı 3-cü tağımının əməkdaşları rayonun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsi, 43 ünvanında yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mersedens-benz 190” markalı, 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobilini saxlayıb. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.

Bildirilib ki, baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus, qida məhsulları üçün istifadəsi nəzərə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilib.

Həmin sümükdən ayrılmış ətin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayıb. Ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək üçün içərisində sümükdən ayrılmış ət olan həmin avtomobil Respublika Baytarlıq Laboratoriyasına gətirilib. Qida üçün yararlığı şübhə doğuran sümükdən ayrılmış ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Mayinələrin nəticələri məlum olana kimi ümumi çəkisi 170 kq olan sümüksüz ət laboratoriyanın soyuducusunda müvəqqəti saxlanca qoyulub. Aşkar olunmuş sümüksüz ətdən götürülmüş nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi