Türkiyə Azərbaycandan fındıq alışını bərpa edib

ASK
  • 14 sentyabr, 2022
  • 11:16
Türkiyə Azərbaycandan fındıq alışını bərpa edib

2022-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə 57,323 milyon ABŞ dolları dəyərində 10 min 280 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,5 %, kəmiyyət olaraq – 49,5 % çoxdur.

Hesabat dövründə İtaliyaya 23,456 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,1 dəfə artıb) 3 min 762 ton (+4,4 dəfə), Rusiyaya 18,07 milyon ABŞ dolları dəyərində (-22,2 %) 3 min 417 ton (-11,3 %), Almaniyaya 10,584 milyon ABŞ dolları dəyərində (+62,7 %) 1 min 675 ton (+83,9 %), Qazaxıstana 1,673 milyon ABŞ dolları dəyərində (+61,3 %) 671,11 ton (+56,8 %), İsveçrəyə 848,77 min ABŞ dolları dəyərində (-5,8 %) 140 ton (dəyişməyib) məhsul ixrac edilib.

Yeddi il 2 aylıq aradan sonra Türkiyəyə tədarük bərpa edilib. Həmin ölkəyə 107 min ABŞ dolları dəyərində 21 ton fındıq satılıb.

Qeyd edək ki, ötən il Azərbaycandan xaricə (18 ölkəyə) göndərilən 19,5 min ton meşə fındığının 44,2 %-i Rusiyanın, 28,2 %-i İtaliyanın, 13,1 %-i Almaniyanın payına düşüb.